Elmi məqalələr
«İki od arasında» ömr edən tariximiz
Hörmətli Baş redaktor!
Sizin “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Alp ər Tonqa” adlı məqalənizi böyük maraq, diqqət və həvəslə oxudum. Doğrudan da əcdadlarımızın və torpaqlarımızın tarixi vaxt, zaman burulğanları içərisində necə xaosa çevrilibsə, bu gün bu pırtlaşıq düşmüş kələfi açmaq az qala müşkülə çevrilmişdir. Məqaləni oxuduqca tariximizin xaos içərisindən — haradansa uzaqlardan, lap uzaqlardan gələn hünər və zəfər səsləri qulaqlarımda səslənirdi. Mənə belə gəlir ki, qəlbində yurd-yuva məhəbbəti, ulularının nəsil-nəsil əkildiyi torpaq yanğısı, əslə-kökə bağlılığı olan hər bir kəs belə axtarışların izinə düşüb həqiqəti üzə çıxarmaq, təkcə çıxarmaq yox, tarixi ələk-vələk edib haqq olanı öz taxtında oturtmaq əzmindən kənarda qalmamalıdır.
Məqaləni oxuduqca türkün dünyanın əvvəlindən gələn “Ur!” nidasını eşidir, zəfər çalan orduların qələbə bayraqlarını dalğalandıran təbil səsləri qulağında gurlayır, iftixar hissindən köksün qabarır, bununla belə, şüuraltı olaraq içini-içalatını göynədən suallar qarşısında acizliyini duyub göynəyirsən: Keçmişimizi, tariximizi, izimiz-tozumuzu yer üzündən silib-atmağa cəhd göstərənlər kimlər idi axı? Tarix boyu bizi özümüzdən uzaqlara tullayaraq öz yerimizdə, yurdumuzda bizə “Gəlmə” adı qoymaq hansı xəbis niyyətlərdən doğub-törəyirmiş?! Bütün bu nəhənglikdə tarixin gedişini bizim inkarımıza necə istiqamətləndirə bilmişlər?
Demək, bəhs açmaq istədiyim mətləblərdən biri də “Alp ər Tonqa” adındakı “Tonqa” sözü ilə bağlıdır. Bu ad dilimizdəki bəzi sözləri yadıma saldı: “Tonqal”, “donqar”, “döngə”, “Təngə (altı)” və s.
Məqalənin düşündürücü məzmunu, müəllifin tarixə real baxışı məni bir oxucu olaraq fəth etdi: Yadıma böyük yazıçımız, etnoqraq-tarixçi alimimiz, siyasi-ictimai xadimimiz, öz fəlsəfi və dilçiliyin bəzi problemləri istiqamətindəki baxışları ilə ötən əsr dilçi alimlərimizi 30-40 il qabaqlamış Y.V.Çəmənzəminlinin “İki od arasında” romanı düşdü. Əsərdə belə bir epizod var: Qarabağ xanlığının eşik ağası (xarici işlər naziri) vəzifəsi daşıyan M.P.Vaqif İbrahim xanın qəzəbli vaxtında onun fikrini dağıtmaq üçün tarixdən söz salır: — Bilirsən, xan, “Şahnamədə” rəvayət olunan İran-Turan davası Kürlə-Araz arasında vaqe olmuşdur, — deməklə xanın marağını, diqqətini tarixə yönəldir.
Bu epizod o vaxt (1970-1980-ci illər) mənim diqqətimi, açığını deyim ki, o qədər də cəlb etməmişdi. Əsərin dil materialı əsasında namizədlik dissertasiyası üzərində işləyirdim və yazıçının dil üslubu məni tamam başqa istiqamətdə sehrləmişdi.
Məqalə mənim yadıma həmin epizodu necə saldısa, mən az qala “Evrika!” deyə səslənəcəkdim. Deməli, Y.V.Çəmənzəminli M.P.Vaqifin dili ilə bu fikri əbəs səsləndirməyibmiş. Onsuz da “Qızlar bulağı” romanının məzmun bağlılığı ilə qədim Azərbaycan torpaqlarının qədim türklərin ilk məskəni olması ideyasını təsdiqləməyə çalışan böyük yazıçı “İki od arasında” romanında bir daha bu məsələnin üzərinə qayıtmışdır.
Deməliyəm ki, ötən yüzilliyin əvvəllərində fəaliyyət göstərən qabaqcıl ziyalılarımız və sənət adamlarımız kimi, Y.V.Çəmənzəminli də sosial-ictimai və mənəvi həyatımızın bütün sahələri üzrə mövcud boşluqları aradan qaldırmaq, bir sıra elm, təhsil, sənət sahələrinin bünövrəsini qoymaq və ya bu bünövrə varsa, onu möhkəmləndirmək yolunda öz bilik və bacarığını əsirgəməmişdir. Çox uzaq, demək olar ki, qeyri-müəyyən bir tarixi dövrü əks etdirən “Qızlar bulağı” romanı məzmun etibarı ilə yazıçı təxəyyülünün məhsulu olsa da, burada dünyanın, o cümlədən Yaxın Şərqin arxiv sənədlərindən toplanmış elə dəlillər, sübutlar vardır ki, bunlar Azərbaycan torpaqlarının qədim sakinlərinin məhz türk mənşəli olduğunu anlamaq üçün tamamilə kifayət edir! Bəlkə yazıçını repressiya qurbanları sırasına çəkən səbəblərdən biri də elə bu idi. Başqa cür ola da bilməzdi. Çünki 1980-ci ildə bu romanların dili üzərindəki araşdırmalarımdan gəldiyim nəticələrə görə həm müdafiə vaxtı, həm də müdafiədən sonra iş təstiqə gedərkən Moskva Ali Attestasiya Komissiyasi tərəfindən mənim də başım az bəlalar çəkmədi.
Y.V.Çəmənzəminli Babil hökmdarı II Nebukednezzarın Yerusəlimi işğal etdikdən sonra yəhudiləri Azərbaycana sürgün etdiyi barəsində də məlumat vermişdir. O, qeyd edir ki, Babil hökmdarı yəhudiləri və farsların bir qismini Qafqaz dağlarının Şimal sərhədlərinə sürgün etmişdi ki, orada məskunlaşsınlar. Bu siyasət həm də Şimaldan mütəmadi olaraq yürüş edən hərbiçi qıpçaqlara və xəzərlərə qarşı idi.
Y.V.Çəmənzəminli Nebukednezzarın Midiya kralının qızı ilə evləndiyi və sevimli zövcəsinin Vətən həsrətini ovutmaq üçün dörd mərtəbəli asma bağ yaratdığı haqqında da məlumat verir.
Yazıçı həm “Qızlar bulağı”, həm də “İki od arasında” romanlarında yeri gəldikcə Azərbaycanın qədim tarixindən bəhs edən epizodlar verir və ya yüksək cəmiyyətin ağsaqqal məclislərində bu qədim diyarın ilk sakinləriylə bağlı rəvayətlər təqdim edir ki, bunların hər biri də qədim dünya əlyazmalarının qorunub saxlandıqları muzey və arxiv sənədlərinə əsaslanır. Y.V.Çəmənzəminli “İki od arasında” romanında M.P.Vaqifin dili ilə deyir: “…Aran böyük bir ölkə imiş. Məqər-səltənəti (paytaxtı) da Gəncə imiş… Ermənilər buralara çox sonralar gəlmişlər… Görürsənmi, ermənilər yaşayan yerlərə “sığnaq” deyirlər.”
Ermənilərdən söz düşmüşkən, onların Qarabağa olan iddialarının əsassız olduğunu sübut edən ən etibarlı sənədlərdən biri yenə də Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabıdır. Akademik M.İsmayılovun qeydlərindən məlum olunduğu üzrə VII əsrdə yazılmış “Alban tarixi” üç hissədən ibarətdir və mütəxəssislər belə hesab edirlər ki, II, III hissələr X əsrdə yazılmışdır. Müəllif yazır: “O vaxt Albaniyada yaşamış müxtəlif dilli və ləhcəli 26 alban qəbiləsinin artıq vahid bir dildə birləşməsi, hələ V əsrdən Aran Azərbaycanının Şimal torpaqlarında onların vahid dili olması indi tarix ədəbiyyatında şübhə doğurmur.
…Erməni kilsəsi yazılı abidələri qədim erməni dilinə — qrabara tərcümə etməklə əslini məhv etmiş və bu abidələri erməni abidəsi kimi yaymağa cəhd göstərmişlər. Eyni aqibət “Albaniya tarixi”nin də başına gətirilmişdir.”
Hörmətli akademikimizin “26 alban qəbiləsinin artıq vahid dili olmuşdur” fikrinin davamı olaraq xatırlatmaq istərdim ki, ötən ilin əvvəllərində prof. Q.Kazımovun “Kredo” qəzetinin bir neçə nömrəsində Albaniyanın dövlət dili ilə bağlı çox maraqlı və qiymətli məqaləsi dərc olunmuşdur. Məqalədə IX əsrdə yaşamış Həmman adlı bir şəxsin “Alban dilinin qrammatikası” adlı kitabından bəhs olunur. Kitabda verilən nümunələri oxuyanda heyrətlənməyə bilmirsən. Sən demə, Albaniyanın dövlət dili — Azərbaycan dili imiş. Bu dil fonetik sistemi (sait-samit; ahəng qanunu), leksik tərkibi və qrammatik quruluşu etibarilə bugünkü ümumxalq danışıq dilimizdən çox az fərqlidir ki, bu da tarixin işidir.
“Albaniya tarixi” kitabı nə qədər erməniləşdirilsə də, Qarabağ torpaqlarının heç vaxt ermənilərə məxsus olmaması, bu məkanın qədim siyasi qurumu olan Albaniya dövlətinin hakimiyyət sükanının ermənilərin əlinə keçməsi işinin cəsus (erməni tərcüməçiləri bu sözü “cəsur” kimi vermişlər) Vardanın xəyanətkar fəaliyyətinin nəticəsi olması faktı kitabda ört-basdır edilə bilməmişdir. Bəri başdan bu kitabın erməniləşdirilməsi barəsində akademik M.İsmayılovun fikrini bir daha xatırlatmaq yerinə düşərdi. Bu kitabda demək olar ki, hər cümlə, hər abzas, hər fəsil ermənilərin cəsur, xilaskar (xəyanətkar yox a…) bir xalq olması barəsində ağızdolusu məddahlıqla başlayıb, məddahlıqla bitir. Lakin kitabda heç cür gizləyə bilmədikləri belə bir məlumat verilir: “…O (cəsur Vardan) ürəyinə vəfasızlıq salaraq, … qədim Aranşahları (yerli tayfa başçılarını) guya qonaqlığa dəvət etdi. O, onlar üçün ölüm yemi hazırlayıb, öz qanları ilə birlikdə onlara yedizdirdi. Onlardan altmışının başlarını vurdurdu…” Altmış tirə, tayfa rəhbərini qanına qəltan edən “Səfir” adı ilə Ermənistandan Albaniyaya cəsusluq üçün göndərilmiş Vardanın xəyanəti və amansızlığı kitabda “ürəyinə vəfasızlıq salaraq” kimi yumşaq ifadə ilə verilirsə və bu rəzillikdən sonra Vardanın Albaniyaya “hakim olması” barəsində iftixarla bəhs açılırsa, bu əsərin mətni üzərində erməni barmağının gəzmədiyinə qətiyyən inanmaq olmur. Əlbəttə, məsələnin bu istiqamətdə çözümünün sizin məqalənizlə bilavasitə bağlılığı olmasa da, ümumən Azərbaycan, onun tarixi keçmişi, bu tarixin gedişində onun başına gətirilən bəlalar dil açıb danışmaya bilmir.
Belə görünür ki, ümidsizliyə qapılmağa elə də əsasımız yoxdur. Dünyanın muzey və arxivləri (“Kitabi-Dədə Qorqud” Vatikan və Drezdendən tapılmadımı?!) qədim Azərbaycan barəsində məlumat və təkzibolunmaz dəlillərlə dolub-daşır. Bu məlumatların üzə çıxarılıb bugünkü müstəqil Azərbaycanımıza qaytarılması üçün fədakar bir tədqiqatçı, onun səmərəli axtarışlarının təminatı üçünsə ideal iş şəraiti və yüksək səviyyələrdən diqqət və qayğı göstərilməsi vacibdir.
Yurdumuz, elimiz, maddi və mənəvi sərvətlərimiz min illər boyu yağmalanıb, yad ellərə daşınıbsa, yandırılıb, izi-tozu itirilibsə, bunun səbəbini həm də Azərbaycanın yerləşdiyi coğrafi məkan və bu məkanın əsrlərlə hərbi yürüşlər, ticarət və siyasət üçün tranzit rolu oynamasında axtarmaq lazımdır. Əlbəttə, “burada öz başımızın hayına qalmaq”, “türk beynəlmiləlçiliyi” (N.Cəfərov), tayfabazlıq, yerliçilik kimi birliyimizə mane olan və sərvətlərimizin əlimizdən qoparılmasına aparıb çıxaran amilləri də nəzərdən qaçırmaq olmaz. Üstəlik də tarix boyu boğazımıza keçmiş xəbis “qonşularımız”…
Hörmətlə,
Firuzə Məmmədli
filologiya üzrə fəlsəfə doktoru, şair